top of page
Writer's pictureCaucasusTalks

Qafqazda millətçilik

Hnçak, iyul 1905, Buraxılış №. 7


***


İndi danılmaz faktdır ki, Nikolayın qorxaq hökuməti vəhşi, hiyləgər, zorakı və ya aldadıcı vasitələrlə Rusiyadakı müxtəlif millətləri təxribata, düşmənçilik etməyə və bir-birini qırmağa sövq etməyə çalışır. Bu yolla o, inqilabın geniş yayılmış dalğası və sarsılmaz hücumu üzərində qələbə çalmağa çalışır. Belə hökumət siyasəti xüsusən də burada, Qafqazda, əvvəllər həyata keçirilib. Lakin hal-hazırda yeni olan odur ki, indiyədək öz məkrli siyasətini gizlətməyə çalışan hökumət indi bunu nəhəng bir üstünlük kimi görür və utanmaz-utanmaz “qiyamçı xalqların üsyankar hücumlarına qarşı sülhü bərqərar etmək məqsədilə hökumətin ixtiyarında olan hər hansı vasitəyə əl atmalı olduğunu” əsaslandırır. Bu məntiqlə belə çıxır ki, ermənilərin farsların əli ilə, yəhudilərin isə cahil rus kütlələri tərəfindən qətlə yetirilməsi “hökumətin sülhü müdafiə etməsi” deməkdir. Bu məntiq və onun əsasını təşkil edən arqumentlər hökumətin yalnız təxəyyüldə mövcud olduğunun, artıq özünü sülhü müdafiə etməyə qadir görmədiyinin sübutudur. Və bu hökumət xalqları bir-birinə qarşı təhrik etməklə onların sümüklərindən, təbii ki, sülhün enəcəyi və çar monarxın bayquş kimi hökm sürəcəyi qüllələr və dağlar əmələ gətirmək istəyir.

“İstənilən bir vasitə ilə” kimi cinayətkar arqumentlərin etirafı nə qədər utanmaz olsa və çarizmin iflasa uğradığını nümayiş etdirsə də, bu siyasətin başqa bir tərəfi, yəni, burjuaziyanın və müxtəlif xalqların hakim siniflərinin qorxaqlığı, gizli qalır. Məgər bu cinayətkar arqument sadəcə olaraq hakimiyyətin Qafqaz xalqlarının zadəgan və burjuaziyasını, onların təmsilçi intsellegentsiya təbəqəsi olaraq qorxuya salmaq, xalqın kütləvi, adsız-sansız təbəqələrinə də eynisini etmək vasitəsi deyilmi?! Xalqlar arasında həmrəylik və əməkdaşlıq, istər inqilabi olsun, istərsə də sadəcə müqavimət adı altında, çarizm üçün əsas təhlükədir. İndi hamıya aydındır ki, çarizm bu həmrəylik və əməkdaşlıq əlaqəsini kəsməyə və həmin xalqların həyatından milli münaqişələr qarışıqlığını yaratmağa çalışır. Bu problemə yaxından nəzər salsaq görərik ki, çarizm, artıq səpdiyi toxumların bəhrəsini götürməkdədir.

Əgər Qafqaza diqqət yetirsək görərik ki, həmin ölkədəki zadəgan və burjuaziya inqilabçı olmasalar da, son hadisələr nəticəsində hakimiyyətə qarşı müqavimət məqsədilə -öz sinfinin iqtisadi və siyasi maraqları çərçivəsində - təşkilatlanmaya məcburdular. Eynilə, proletariatın və ümumilikdə zəhmətkeş xalqın təşəbbüsü və həyata keçirdiyi inqilabi hadisələr nəticəsində yuxarıda adı çəkilən burjua sinfi könülsüz müqavimət göstərməyə və demokratik tərəfə meyl etməyə yenə də məcbur oldu. Çünki bir tərəfdən onlar fırtınalı inqilab axını ilə yüksələn xalq bataqlığından qorxurlar, digər tərəfdən isə onlar öz sinfi maraqlarına xidmət etmək üçün istifadə etməyi düşündükləri xalq və inqilabi mübarizə olmadan öz “islahatlarının” həyata keçirilməsinə nail olmaqda aciz və gücsüzdülər. Bu məsələ, burjua sinfin özünü millətçi kimi təqdim etdiyinə görə daha da mürəkkəbləşir. Bizim erməni burjuaziyasının “xalq nümayəndə heyətinin” hökumətə “təqdim etdiyi” həmin “petisiya”nı gürcü zadəganları ilə yanaşı, fars burjuaziyası və ruhaniləri də təqdim etmişlər. Hər biri öz “milli tələbləri” naminə, yəni “xalqı” adına, əslində isə ayrı-ayrılıqda və bir-birinin əleyhinə fəaliyyət göstərir. Bunlar burjua sinfinin öz millətlərinə yeritdiyi milli ayrı-seçkiliyin və antaqonizmin tarixi sübutudur. Bunlar həmin siniflərin aşılandığı yoluxucu millətçilik ruhunun tarixi sübutudur.

Qafqaz xalqlarının həmin təbəqələrinin indiyədək tutduqları istiqamət millətçilik üçün daha geniş məkan açmış, bu isə həmin xalqları milli münaqişələrə sürükləmişdir. Sadə düşüncəli insanları aldadıcı, millətçi illüziyalarla azdırmışdır. Gənclərin nakam qəlblərini zəhərləmişdir. Şüursuz xalq kütlələrini öz satılmış və fəlakətli təsirinə salaraq əsir götürmüşdür. Sosial demokratların davamlı olaraq mühüm vəzifə olaraq üzərində çalışdıqları və səy göstərdikləri, əməkçi kütlələrinin təcəssümü olan Qafqaz xalqlarını bir-birinə yaxınlaşdıran həmrəylik əməkdaşlığı ideyası qarşısında əsas maneəyə dönmüşdür.

Bizim burjua siniflərimiz, şübhəsiz ki, millətçi ruhun qaranlıq səltənətindən böyük fayda əldə edirlər. Məhz həmin sinfi maraqların təhriki ilə “vətənpərvərlik və milli özünümüdafiə”adı altında parıldayan və göz qamaşdıran tacı xüsusi monopoliyaya alıblar, amma o tac qızıl "günah keçisi"ndən hazırlanıb. Bu xalqların müvafiq burjuaziyası, ilk növbədə, öz proletariatını başqa xalqların proletariatından ayırmaqdan faydalanır. Onlar bütün xalqların kollektiv, proletar əməkdaşlığını iflic edir. Onlar fəhlə siniflərini öz “qəyyumluqları” və təsirləri altına alırlar. Beləliklə, əvvəla onlar həmin siniflərin ayaqları altında milli baza yaratmaqdan və digər xalqların fəhlə sinifləri ilə əlaqələrini kəsməkdən, onlara qarşı düşmənçiliyi oyatmaqdan faydalanırlar. Daha sonra, onlar öz millətinin proletariatından başqa bir xalqın proletariatının iqtisadi və siyasi işini, gücünü, əhəmiyyətini və şüurunu məhv etmək üçün istifadə edirlər. Bu baxımdan Qafqaz xalqlarının burjuaziyası əsas olaraq millətçilərdir. Son olaraq isə, burjuaziya iqtisadi cəhətdən istismar etdiyi proletariatı iflic etməkdən faydalanır. Onlar, həm böyük düşmənini iflic edir, həm də indi, eyni zamanda, mübarizə aparan xalqı, inqilabi qüvvəni millətçilik istiqamətinə yönəldir. Onlar, proletariatı istismar edir və burjuaziyanın indiki siyasi məqsədlərinə xidmət etməyə məcbur edir. Qafqaz xalqları burjuaziyasının millətçi kursu o həddə çatır ki, Qafqaz xalqları birləşmək əvəzinə, çarizmin səyləri ilə, bir-birləri arasında böyük uçurum yaradır və bu uçurum həmin xalqların qanı ilə sulanır, uşaqlarının meyitləri ilə səpələnir.

Zadəganların, burjuaziyaların və ruhanilərin təcəssüm etdirdiyi millətçiliyin indi Qafqazda oynadığı təhlükəli və mürtəce rol budur. Həmin təbəqələrin xidmətçisi və təmsilçisi olan intsellegentsiya, öz reqressiv işlərini və rollarını “inqilabçı” və “sosialist-inqilabçı” damğaları və papaqları altında gizlədən meqaloman, təkəbbürlü, axmaq gürcü və erməni partiyaları tərəfindən təmsil edilir.

Bu millətçi “fiqurlar” kontekstində Rusiya Sosial Demokrat İşçi Partiyasının “Sosial Demokrat” fəhlə qəzetinin səkkizinci sayında məqaləmiz var:

“Nə türk, nə də erməni fiqurları öz millətçi yuvalarından çıxıb iki məzlum xalqı münaqişədən ortaq nöqtəyə çıxarmağa çalışmırlar. Millətlər arasında belə birliyə doğru yalnız bir yol var - sosial demokratların yolu. Yalnız sosial-demokrat bayrağı beynəlxalq bayrağı təmsil edir və onun ardıcılları milli xətlər üzrə bölünmələri tanımır.

Məqalə müəllifi hesab edir ki, erməni millətçi partiyaları “erməni kəndlilərinin şüurunu o dərəcədə məhdudlaşdırıblar ki, onlar heç bir şəkildə ümumi inqilabi hərəkatında iştirak etmirlər. Bu milli eqoizm burjuaziyadan yaranıb və erməni millətçilərinin çoxu bu təbəqədən çıxdığına görə, erməni kəndli və fəhlələrinə münasibətdə onlardan nə yaxşılıq gözləmək olar?”

“Sosial-demokrat” məqaləsini bu sözlərlə bitirir: “Ümumiyyətlə, Zaqafqaziyanın böyük hissəsi inqilabi deyil, reqressiv rol oynayır. Ermənilər və türklər arasındakı bu qopma və parçalanma monarxiyanın gücünü gücləndirir və sosial demokratiyanı zəiflədir. Bu, ölkəmizdə ən ağır məsələdir və biz yoldaşlarımızın diqqətini buna cəlb edirik. Türk və erməni kəndli və fəhlələri Qafqazın sosial-demokratlarına qoşulmayana qədər milli qarşıdurmaların sonu olmayacaq və sosial-demokratiya qalib gələ bilməyəcək. Milliyyətçilik bu ağrını aradan qaldırmaq üçün heç nə edə bilməz, çünki bu ağrı millətçiliyin özündən qaynaqlanır. Yalnız sosial-demokratiya bütün xalqların zəhmətkeşlərini barışdıra və birləşdirə bilər. Millətçilik bunun əleyhinə işləyir. Gürcü millətçiləri özlərinə haqq tələb edir, erməni millətçiləri də belə edir. Sanki bir-birindən və başqalarından ayrılaraq tamamilə ayrı həyatlar yaşayırlar. Sanki coğrafi sərhədləri olan ayrı-ayrı milli ərazilərin hökmdarlarıdırlar. Onlar bir həqiqəti dərk edə bilməyiblər ki, bütün Qafqaz xalqları əl-ələ verib irəli getməli, eyni, ümumi tələblər uğrunda mübarizə aparmalı, bir-biri ilə həmrəylik içində yaşamalıdırlar. Onlar öz bağlarından kənarda heç nə görmək istəmirlər və hər cür milli parçalanmalara, qarşıdurmalara zəmin hazırlayırlar.

Qafqaz sosial-demokratlarından olan yoldaşlarımız belə düşünür. Hnçak mətbuatında dəfələrlə ifadə etmək imkanımız olan mövqelərimizi əks etdirəm bu məqaləni də, eyni böyük məmnuniyyətlə yekunlaşdırırıq. Bəyanatımızı “Sosial-demokrat”dakı məqalədən gələn bu sonluq ilə bitirmək istərdik: “Milliyyətçiliyə qarşı davamlı mübarizə aparmaq və onu kökündən yox etmək, xüsusən də Qafqazda bizim üçün sosial demokratiyanın missiyasıdır”.

Bəli! Millətçiliyə, onun hər çalarına və ifadə növünə qarşı mübarizə aparmaq, millətlər arasında həmrəylik və əməkdaşlıq naminə mübarizə aparmaq, çarizmi devirmək, xalq, proletariat və sosializm naminə mübarizə aparmaq!


Tərcümə edən: Lalə Darçınova



Comments


Commenting has been turned off.
bottom of page